"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
"Bunun nəticəsində xaricdən cəlb olunmuş maliyyə vəsaitlərinin ümumi həcmi 200 milyon manatı ötmüşdür".Orxan Ismayılov: 2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu
AccessBank-ın İdarə Heyəti Sədrinin müavini, Baş Maliyyə İnzibatçısı Orxan İsmayılovun Marja.az-a müsahibəsi.
- 2025-ci ili AccessBank üçün maliyyə nəticələri baxımından necə dəyərləndirirsiniz? İlin yekunları ilə bağlı hansı əsas məqamları qeyd etmək istərdiniz?
- 2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə göstəriciləri ilə xarakterizə olunmuşdur. Hesabat dövründə ölkə iqtisadiyyatında, xüsusilə qeyri-neft sektorunda müşahidə olunan 2.7%-lik real artım maliyyə sektorunun fəaliyyətinə müsbət təsir göstərmiş, bankın əməliyyat və biznes göstəricilərində artım dinamikasını dəstəkləmişdir.
Hesabat ili ərzində Bankın əsas maliyyə göstəriciləri müsbət dinamika nümayiş etdirmişdir. Aktivlər ötən illə müqayisədə 19.2% və ya 285 milyon manat artaraq 1.8 milyard manat təşkil etmişdir. Kredit portfeli 15.9% artım göstərərək 1.3 milyard manatı ötüb. Cəmi öhdəliklər 17.9% artaraq 1.5 milyard manat səviyyəsinə çatmışdır. Depozit portfeli 1.1 milyard manat olmuş, aktiv müştəri sayı isə 300 mini keçmişdir.
Kredit portfelinin artımı əsasən Bankın strateji prioriteti olan biznes seqmenti hesabına təmin edilmişdir. Hazırda kredit portfelinin 75%-dən çoxu biznes kreditlərinin payına düşür. Bu istiqamətdə portfel il ərzində 121 milyon manat artmışdır. Bank mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi sahəsində bazarda liderlik mövqeyini qoruyub saxlamış, sektor üzrə maliyyə institutlarının təqdim etdiyi ümumi kredit portfelində təxminən 25% paya sahib olmuşdur.
Hesabat dövründə iri korporativ müştərilərlə əməkdaşlıq da genişləndirilmişdir. Xüsusilə, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Risklərin Bölgüsü Mexanizmi çərçivəsində bir sıra maliyyələşdirmə layihələri həyata keçirilmişdir. Bu mexanizm üzrə “AZZA” şirkəti ilə 14 milyon manat, “AzVirt” MMC ilə isə 5 milyon avro məbləğində üçtərəfli kredit müqavilələri bağlanmışdır.
Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq 2025-ci ildə daha da intensivləşmişdir. İl ərzində beynəlxalq maliyyə qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb edilmiş, əlavə olaraq 10 milyon ABŞ dolları həcmində subordinasiya olunmuş borc öhdəliyi əldə edilmişdir. Bunun nəticəsində xaricdən cəlb olunmuş maliyyə vəsaitlərinin ümumi həcmi 200 milyon manatı ötmüşdür.
Maliyyə göstəricilərinə gəldikdə, faiz gəlirləri 256 milyon manat təşkil etmiş, bu da əvvəlki illə müqayisədə 14.1% artım deməkdir. Xalis faiz gəlirləri 156 milyon manat səviyyəsində olmuşdur. Əməliyyat mənfəəti 76 milyon manata çatmış, bu göstərici 2024-cü illə müqayisədə 6 milyon manat artım nümayiş etdirmişdir.
Bank hesabat ilini 49.1 milyon manat xalis mənfəətlə başa vurmuşdur. Kapitalın gəlirliliyi (ROE) 25.5% təşkil etmişdir. Məcmu kapital 238 milyon manata yüksəlmişdir ki, bu da Bankın kapital mövqeyinin və maliyyə dayanıqlılığının gücləndiyini göstərir.
- 2025-ci ilin maliyyə yekunları AccessBank-ın müəyyən etdiyi strateji hədəflərlə nə dərəcədə uyğunluq təşkil edir? Əvvəlki illərlə müqayisədə bankın maliyyə göstəricilərində hansı əsas dəyişiklikləri qeyd edərdiniz?
- Nəticələrin təhlili göstərir ki, Bank tərəfindən müəyyən edilmiş strateji plan sistemli və ardıcıl şəkildə icra edilmişdir. Strateji hədəflərin qiymətləndirilməsi qısamüddətli nəticələrlə deyil, uzunmüddətli dinamikanın təhlili ilə daha obyektiv şəkildə aparılır. Bu baxımdan, müqayisə üçün post-pandemiya dövrünün başlanğıcı olan 2021-ci ilin son göstəriciləri əsas götürülmüşdür.
2021-ci ilin sonu ilə müqayisədə Bankın əsas maliyyə indikatorlarında əhəmiyyətli artım qeydə alınmışdır. Aktivlər təxminən iki dəfə artaraq 1.8 mlrd manata, kredit portfeli isə iki dəfədən çox artaraq 1.3 mlrd manata çatmışdır. Məcmu kapital 80 milyon manatdan 238 milyon manata yüksəlmiş, yəni təxminən üç dəfə artım nümayiş etdirmişdir. Eyni dövrdə kapital adekvatlığı göstəricisi 11.9%-dən 16.3%-ə yüksəlmişdir. Strateji dövr ərzində kapitalın gəlirliliyi (ROE) göstəricisi isə davamlı olaraq 20%-dən yuxarı səviyyədə qorunub saxlanılmışdır.
Qeyd olunan dinamika Bankın strateji prioritetlərinin düzgün müəyyənləşdirilməsi və icrasının nəticəsi kimi qiymətləndirilə bilər. Bu inkişaf eyni zamanda risklərin idarə olunması mexanizmlərinin gücləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması, məhsul və xidmət portfelinin təkmilləşdirilməsi, eləcə də müştərilər üçün maliyyə əlçatanlığının genişləndirilməsi istiqamətində atılmış ardıcıl addımların məntiqi nəticəsidir.
Beləliklə, strateji dövr ərzində əldə edilmiş nəticələr Bankın dayanıqlı biznes modelini, kapital bazasının möhkəmlənməsini və uzunmüddətli inkişaf potensialını təsdiqləyir.
- Əldə olunan maliyyə nəticələri bankın maliyyə dayanıqlılığı və uzunmüddətli inkişaf potensialı baxımından hansı qiymətləndirməyə imkan verir?
- Bankın dayanıqlılığı ilə bağlı məsələni qiymətləndirərkən, ilk növbədə risklərin idarə olunması çərçivəsinə diqqət yetirmək vacibdir. Risklər kontekstində adətən iki əsas komponent nəzərə alınır: gözlənilən zərərlər və gözlənilməz risklər. Gözlənilən zərərlərə qarşı bank tərəfindən yaradılmış ehtiyatların həcmi, gözlənilməz risklərə qarşı isə kapital mövqeyinin adekvatlığı əsas qiymətləndirmə meyarları hesab olunur.
Hesabat ili ərzində Bank tərəfindən potensial risklərə qarşı 16.3 milyon manat məbləğində əlavə ehtiyat yaradılmışdır. Nəticədə, formalaşdırılmış ümumi ehtiyatların həcmi mövcud qeyri-işlək kreditləri üstələmişdir. Bu göstərici riskə məruz qalmış portfel üzrə ehtiyatlanmanın aparıldığını və mümkün zərərlərin bankın maliyyə sabitliyinə təsir imkanlarının minimuma endirildiyini göstərir.
Gözlənilməz risklərə qarşı dayanıqlılıq isə kapital mövqeyi ilə ölçülür. Hesabat dövrünün sonuna Bankın məcmu kapitalı 234.4 milyon manat təşkil etmiş, məcmu kapitalın adekvatlıq əmsalı isə 16.3%-ə yüksəlmişdir. Nəzərə alsaq ki, müvafiq requlyativ minimum normalar məcmu kapital üzrə 50 milyon manat, kapital adekvatlığı əmsalı üzrə isə 10.5% səviyyəsində müəyyən edilmişdir, Bankın bu göstəricilər üzrə əhəmiyyətli ehtiyat buferinə malik olduğu görünür.
Formalaşdırılmış kapital və ehtiyat mövqeyi Bankın risklərin absorbsiya qabiliyyətini gücləndirir, eyni zamanda qarşıdakı dövrlərdə planlaşdırılmış artım strategiyasının daha dayanıqlı əsaslar üzərində həyata keçirilməsinə imkan yaradır.
- Mövcud maliyyə göstəricilərini nəzərə alaraq, 2026-cı il üçün bankın əsas maliyyə gözləntiləri nədən ibarətdir? Gələn il üzrə maliyyə planlamasında daha çox ehtiyatlı yanaşma, yoxsa artıma yönələn strategiya üstünlük təşkil edəcək?
- Növbəti dövrlər üzrə planlaşdırma prosesi həyata keçirilərkən Azərbaycanın makroiqtisadi gözləntiləri, ölkənin müəyyən etdiyi iqtisadi prioritetlər, dövlət büdcəsi üzrə təsdiq edilmiş parametrlər və strateji hədəflər nəzərə alınmışdır. Mövcud proqnozlara əsasən, 2026-cı ildə iqtisadi artımın davam edəcəyi, ümumi daxili məhsulun real ifadədə təxminən 2.4%, qeyri-neft sektorunun isə 4%-dən artıq artacağı gözlənilir. Əvvəlki illərdə olduğu kimi, artımın əsas hərəkətverici qüvvəsinin məhz qeyri-neft sektoru olacağı proqnozlaşdırılır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Bankın biznes modelini və investisiya portfelinin strukturunu nəzərə alsaq, əsas prioritet istiqamətin real sektorun, xüsusilə biznes seqmentinin maliyyələşdirilməsi olduğu aydın görünür. Bu baxımdan, növbəti dövr üçün planlarımız iqtisadi fəallığın genişlənməsi ilə paralel şəkildə kredit portfelinin keyfiyyətli və balanslı artımını nəzərdə tutur.
Bank 2026-cı ildə də biznes mühitinin maliyyələşdirilməsi vasitəsilə iqtisadi artım hədəflərinə töhfə verməyi planlaşdırır. Xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılacaqdır. Bu yanaşma həm iqtisadi şaxələndirmə siyasətinə, həm də inklüziv maliyyələşmə prinsiplərinə uyğun olaraq formalaşdırılmışdır.
- 2026-cı ildə AccessBank-ın maliyyə inkişafını şərtləndirəcək əsas prioritetləri necə müəyyən edərsiniz?
- Bankın strateji prioritetləri dəyişməz olaraq qalır. Əsas inkişaf istiqamətimiz mikro, kiçik və orta biznesin maliyyələşdirilməsidir. Mövcud makroiqtisadi konyunktur və qeyri-neft sektorunda müşahidə olunan artım tendensiyası bu seqmentlərin növbəti dövrdə də genişlənməsi üçün əlverişli zəmin yaradır. Bu baxımdan, Bank tərəfindən sözügedən istiqamətdə kreditləşmənin balanslı və keyfiyyətli artımı planlaşdırılır.
Artımın maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi prioritet olaraq qalır. 2025-ci il xarici borclanma baxımından aktiv dövr olmuş, Bank xarici mənbələrdən 100 milyon manat ekvivalentindən artıq vəsait cəlb etmişdir. Hesabat ilinin sonuna ümumi xarici cəlbetmələrimiz 200 milyon manat ekvivalenti üzərində olub. Eyni zamanda, il ərzində BlueOrchard Finance beynəlxalq maliyyə fondundan 10 milyon ABŞ dolları məbləğində uzunmüddətli subordinasiya olunmuş borc öhdəliyi cəlb edilmişdir ki, bu da Bankın kapital bazasının əlavə olaraq gücləndirilməsinə xidmət etmişdir.
2025-ci ilin avqust ayında Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmanın davamı olaraq ölkənin beynəlxalq ticarətdə artan rolu, qeyri-neft sektorunda icra olunan iri layihələr və yaşıl enerji istiqamətində aparılan islahatlar Azərbaycanın xarici investorlar üçün cəlbediciliyini daha da artırmışdır. Bu dinamika çərçivəsində Bank həm mövcud, həm də potensial beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi imkanlarını qiymətləndirir.
Eyni zamanda, xidmət şəbəkəsinin genişləndirilməsi və müştərilərə sürətli, yüksək keyfiyyətli xidmətlərin təqdim olunması əsas prioritetlər sırasında qalır. Müştəri məmnunluğunun artırılması yalnız fiziki filial şəbəkəsi vasitəsilə deyil, rəqəmsal kanalların inkişafı hesabına da təmin ediləcəkdir. Xüsusilə mobil tətbiqin funksionallığının və istifadəçi təcrübəsinin daha da təkmilləşdirilməsi, əsas bank xidmət və ödəniş alətlərinin rəqəmsal mühitdə əlçatanlığının artırılması planlaşdırılır.
Yuxarıda qeyd olunan istiqamətlər üzrə tədbirlərin icrası nəticəsində 2026-cı ilin də maliyyə göstəriciləri baxımından müsbət dinamika ilə yekunlaşacağı proqnozlaşdırılır. Bank kapital buferinin daha da möhkəmləndirilməsini, risklərin idarə olunması çərçivəsinin davamlı gücləndirilməsini və mənfəətlilik göstəricilərinin yaxşılaşdırılmasını strateji hədəf kimi müəyyən etmişdir.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
28 d. əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
-
- 37 d. əvvəl
-
41 d. əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə



















