“Müflisləşmə və iflas haqqında” qanun yenidən işlənilir: əsas yeniliklər - MÜSAHİBƏ
Son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes mühitinin sistemli şəkildə təkmilləşdirilməsi və ölkənin beynəlxalq reytinqlərdə mövqeinin möhkəmləndirilməsi müflisləşmə və iflas institutunun müasir tələblərə uyğun yenilənməsini zəruri edib. Qlobal iqtisadi çağırışlar fonunda investisiya mühitinin dayanıqlılığının və etibarlılığının artırılması, sahibkarlıq subyektlərinin hüquqlarının daha etibarlı qorunması və iqtisadi münasibətlərdə balansın təmin olunması bu sahədə çevik və effektiv hüquqi mexanizmlərin formalaşdırılmasını aktual edir.
Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin əməkdaşı, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Biznesin müflisləşməsi üzrə İşçi qrupunun eksperti Fərid Yaqublu müflisləşmə və iflas anlayışlarının mahiyyəti, sağlamlaşdırma mexanizmlərinin əhəmiyyəti, əmlak inzibatçısı institutunda nəzərdə tutulan yeniliklər, eləcə də yeni qanun layihəsinin biznes mühitinə və kreditor-borclu münasibətlərinə təsiri barədə Marja.az-ın suallarını cavablandırıb:
- Müflisləşmə və iflas anlayışlarının hüquqi tənzimlənməsinə nə üçün ehtiyac yaranır?
- Sahibkarlıq subyektlərinin fəaliyyəti zamanı müxtəlif iqtisadi çətinliklər yarana bilər və bu çətinliklər onların müflisləşməsinə səbəb ola bilər. Belə hallarda müflisləşmə və iflas proseslərinin hüquqi əsaslarla tənzimlənməsi zərurəti meydana çıxır. Bu tənzimləmə iqtisadi dövriyyənin sabitliyinin qorunması, kreditorlarla borclular arasında münasibətlərin balanslaşdırılması və ümumilikdə bazar iqtisadiyyatının sağlam fəaliyyətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İqtisadi münasibətlərin səmərəli tənzimlənməsi və sahibkarlıq mühitinin inkişaf etdirilməsi məqsədilə bir çox ölkələr, o cümlədən Azərbaycan Respublikası müflisləşmə və iflasın hüquqi tənzimlənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu tədbirlər beynəlxalq iqtisadi münasibətlərin tələblərinə uyğun hüquqi mexanizmlərin yaradılmasına xidmət edir.
- Azərbaycanda müflisləşmə və iflas sahəsində ilk normativ hüquqi baza nə vaxt formalaşdırılıb?
- Müstəqil Azərbaycan Respublikasında müflisləşmə və iflas sahəsində ilk normativ hüquqi baza 1994-cü il 22 iyul tarixli 857 nömrəli “Müflisləşmə və iflas haqqında” Qanunla formalaşdırılıb. Lakin sonrakı dövrdə ölkədaxili sosial-iqtisadi münasibətlərin inkişafı, həmçinin qlobal iqtisadi sistemdə baş verən dəyişikliklər bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsini zəruri edib.
Yeni iqtisadi reallıqlara uyğun hüquqi mexanizmlərin yaradılması məqsədilə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi islahatlar çərçivəsində 1997-ci il 13 iyun tarixli 326-IQ nömrəli “Müflisləşmə və iflas haqqında” Qanun qəbul edildi. Həmin qanun müflisləşmə və iflas proseslərinin daha müasir prinsip və tələblər əsasında tənzimlənməsinə imkan yaratdı.
- Beynəlxalq praktikada “müflisləşmə” və “iflas” anlayışlarına yanaşma necədir?
- Müqayisəli təhlili göstərir ki, müxtəlif ölkələrdə “müflisləşmə” və “iflas” anlayışlarına fərqli yanaşmalar mövcuddur. Məsələn, Türkiyə Respublikasının “İcra və İflas Kanunu”nda iflas anlayışı birbaşa tərif olunmasa da, icra və iflas hüququ kontekstində kreditorların tələblərinin təmin edilməsi məqsədilə borclunun bütün aktivləri üzərində həyata keçirilən məcburi ləğvetmə tədbiri kimi başa düşülür.
Amerika Birləşmiş Ştatlarının İflas Məcəlləsində (Bankruptcy Code), Fransanın Ticarət Məcəlləsində (Code de commerce) və bir sıra digər ölkələrin hüquqi aktlarında iflas anlayışı “bankruptcy”, müflisləşmə anlayışı isə “insolvency” terminləri ilə ifadə olunur. Bu yanaşmaya görə, “insolvency” sahibkarlıq subyektinin ödəmə qabiliyyətinin olmaması səbəbindən kreditorların tələblərini yerinə yetirə bilməməsi kimi iqtisadi vəziyyəti, “bankruptcy” isə həmin vəziyyətin məhkəmə qaydasında hüquqi tənzimlənməsini ifadə edir.
Avropa İttifaqında müflisləşmə prosesinin hüquqi tənzimlənməsi EU Insolvency Regulation (2015/848) aktında öz əksini tapıb. Almaniya Federativ Respublikasında isə 1999-cu ildə qəbul edilmiş İflas Məcəlləsində (Insolvenzordnung (InsO) və yaxud the German Insolvency Code) “Insolvenz” anlayışından istifadə olunur. Həmin anlayış borclunun maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi, yəni ödəmə qabiliyyətinin olmaması halının hüquqi tənzimlənməsi kimi izah edilir.
- Yerli qanunvericilikdə iflas prosesinə başlanma məqamı ilə müflisolma məqamı arasında hansı fərq mövcuddur?
Azərbaycan Respublikasının “Müflisləşmə və iflas haqqında” 1997-ci il Qanununda iflas prosesinə başlanma məqamı ilə müflisolma məqamı anlayışları aydın şəkildə fərqləndirilib. İflas prosesinə başlanma məqamı prosedurun başlanğıc mərhələsini ifadə etdiyi halda, müflisolma məqamı borclunun artıq hüquqi baxımdan müflis elan edildiyi anı xarakterizə edir.
1997-ci il Qanununun 2-ci maddəsinin beşinci hissəsinə əsasən, iflas haqqında işin qaldırılması kreditorun (kreditorların) və ya borclunun müvafiq ərizəsinin məhkəməyə təqdim edilməsi ilə mümkündür. Həmin ərizənin məhkəməyə təqdim edildiyi tarix iflas prosesinə məhkəmə vasitəsilə başlanma məqamı hesab olunur. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda borclu müəssisələrin iflas prosesinə məhkəmənin iştirakı olmadan da başlanması mümkündür.
“Müflisləşmə və iflas haqqında” Qanunun 18-ci maddəsinə görə, müflisolma məqamı borclunun müflis elan olunması barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən və ya qanunun tələblərinə uyğun olaraq kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan edilməsi barədə qərarın qəbul edildiyi tarixdən hesablanır.
- Digər ölkələrdə iflas prosesinin başlanması hansı əsaslarla mümkündür?
- Misal üçün, Almaniya Federativ Respublikasının müflisləşmə və iflas haqqında qanunvericiliyində də iflas prosesinin başlanması borclu və ya kreditor tərəfindən təqdim edilən ərizə əsasında həyata keçirilir. Lakin Almaniya İflas Məcəlləsinə (Insolvenzordnung – InsO) əsasən, kreditor tərəfindən təqdim olunan ərizədə iflas üçün əsasların mövcudluğu, həmçinin borcluya qarşı tələbin mövcudluğu faktı əsaslandırılmalıdır. Bu tələblər borcluya qəsdən zərər vurulmasının qarşısının alınmasına xidmət edir.
Həm Azərbaycan Respublikası qanunvericiliyində, həm də Almaniya İflas Məcəlləsində iflas prosesinin başlanmasının əsas səbəbi borclunun ödəmə qabiliyyətinin olmaması faktıdır. Bununla belə, Almaniya qanunvericiliyində fərqli yanaşma mövcuddur. Belə ki, borclunun gələcəkdə ödəmə qabiliyyətini itirmə ehtimalı olduqda belə, iflas prosesinin başlanması barədə məhkəməyə müraciət edilə bilər. Bu zaman ödəmə qabiliyyətinin olmama ehtimalı xüsusi qiymətləndirmə əsasında müəyyən edilir və bu qiymətləndirmədə 24 aylıq proqnoz dövrü əsas götürülür.
Qazaxıstan Respublikasında isə iflas prosesinin başlanması həm məhkəmə, həm də məhkəmədənkənar qaydada mümkündür ki, bu yanaşma Azərbaycan Respublikasının qanunvericiliyi ilə oxşarlıq təşkil edir. Belə ki, Qazaxıstan Respublikasının 2014-cü il 26 mart tarixində qüvvəyə minmiş “Sağlamlaşdırma və müflisləşmə haqqında” Qanuna (Law of the Republic of Kazakhstan “On Rehabilitation and Bankruptcy”) əsasən borclu anlayışı yalnız kommersiya hüquqi şəxsləri deyil, həm də fərdi borcluları əhatə edir. Borclunun ödəmə qabiliyyətinin olmaması faktı əsaslandırılmaqla iflas prosesinin başlanması üçün məhkəməyə müraciət edilir. Eyni zamanda, kreditorlar da borclunun öhdəliklərini yerinə yetirmədiyi hallarda iflas prosesinin başlanması ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdirlər.
- Beynəlxalq iqtisadi proseslər və tövsiyələr Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsinə hansı zərurəti yaradıb?
- 1997-ci ildən bu günədək Azərbaycan Respublikasının dünya iqtisadi birliyinə sürətlə inteqrasiya etməsi, ölkə iqtisadiyyatına yatırılan yerli və xarici investisiyaların həcminin əhəmiyyətli dərəcədə artması, bazar iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm qoyması, həmçinin müflisləşmə və iflas sahəsində beynəlxalq təşkilatların rəy və tövsiyələri “Müflisləşmə və iflas haqqında” Qanunun beynəlxalq hüququn tələblərinə uyğunlaşdırılaraq yenidən işlənilməsinin zəruriliyini ortaya qoyur. Bu baxımdan Dünya Bankının Prinsipləri (2005), Beynəlxalq (transsərhəd) iflas haqqında UNCİTRAL Model Qanunu, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2003-cü ildə bu sahədə verdiyi qiymətləndirmələr mühüm əsas kimi çıxış edir.
- Biznesin müflisləşməsi sahəsində islahatların həyata keçirilməsi məqsədilə hansı institusional mexanizmlər yaradılıb?
- Bu məqsədlə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesin müflisləşməsi” üzrə İşçi qrupu yaradılıb. Həmin İşçi qrupuna rəhbərlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
“Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən 2024-cü il 14 may tarixində təsdiq edilib, 2024-cü il 15 may tarixli iclasda isə onun ümumi təqdimatı həyata keçirilib. Yol Xəritəsi biznesin müflisləşməsi sahəsində müasir çağırışlara cavab verən hüquqi və institusional mexanizmlərin formalaşdırılmasını hədəfləyir.
- Yol Xəritəsində yeni qanunvericilik təşəbbüsü ilə bağlı hansı əsas istiqamətlər müəyyən olunub?
- Yol Xəritəsinin 1.1-ci bəndində biznesin müflisləşməsi prosesinin müasir dövrün tələblərinə uyğun yeni mexanizmlər əsasında tənzimlənməsini təmin etmək məqsədilə “Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı konseptual prinsiplər öz əksini tapıb. Bu çərçivədə əmlak inzibatçılarının statusu, səlahiyyətləri, hüquq və vəzifələri, onların reyestrinin aparılması, prosesdə iştirakı və digər əlaqəli məsələlər müəyyən edilib.
Beynəlxalq ekspertlər cəlb edilməklə Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi İşçi qrupu tərəfindən “Sağlamlaşdırma və müflisləşmə haqqında” Qanun layihəsi hazırlanmışdır. Hazırda layihənin ilkin versiyası üzrə aidiyyəti qurumlarla müvafiq müzakirələr aparılır.
- Yeni qanun layihəsində əmlak inzibatçısı institutu ilə bağlı hansı əsas yeniliklər nəzərdə tutulur?
- Qüvvədə olan qanunvericilikdən fərqli olaraq, yeni Qanun layihəsində əmlak inzibatçısı institutu daha geniş və əhatəli şəkildə tənzimlənir. Layihəyə əsasən, əmlak inzibatçısı kimi fəaliyyət göstərmək hüququ yalnız müvafiq qaydada sertifikat almış və xüsusi reyestrdə qeydiyyatdan keçmiş şəxslərə verilir.
1997-ci il “Müflisləşmə və iflas haqqında” Qanununun 19-cu maddəsinə əsasən, əmlak inzibatçısı məhkəmə və ya kreditorlar tərəfindən fiziki və ya hüquqi şəxs, o cümlədən Nazirlər Kabineti tərəfindən vəkil edilən orqan, həmçinin rezident və ya qeyri-rezident şəxs qismində təyin edilə bilər. Fiziki şəxslərin əmlak inzibatçısı təyin edilməsi üçün hüquq, təsərrüfat idarəçiliyi, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində müvafiq təhsilə və ya ona bərabər əməli təcrübəyə malik olması tələb olunur.
Yeni Qanun layihəsində əmlak inzibatçısı olmaq üçün yalnız müvafiq ali təhsil tələbi ilə kifayətlənilmir, eyni zamanda maliyyə sahəsində iş təcrübəsinin olması da zəruri şərt kimi müəyyən edilir. Bununla yanaşı, sertifikatlaşdırma və reyestr mexanizmlərinin tətbiqi əmlak inzibatçılarının peşəkarlığının və hesabatlılığının artırılmasına xidmət edir.
- Əmlak inzibatçısı ola bilməyən şəxslərin dairəsi necə müəyyən edilib?
Yeni qanun layihəsində əmlak inzibatçısı ola bilməyən şəxslərin dairəsi genişləndirilərək daha dəqiq şəkildə müəyyənləşdirilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən müəyyən cinayətlərə görə məhkum olunmuş şəxslər, barəsində iflas prosesinə başlanmış şəxslər, borclunun müdiri və ya keçmiş müdiri, mülkiyyətçiləri, borcluları və ya kreditorları əmlak inzibatçısı ola bilməzlər. Yeni layihəyə əsasən isə borcluya aidiyyəti olan şəxslər də bu siyahıya əlavə edilir.
- Sağlamlaşdırma prosesi mövcud qanunvericilikdə necə tərif olunur?
1997-ci il Qanununun 1-ci maddəsinə əsasən, sağlamlaşdırma borclunun ləğv edilməsinin qarşısını almaq məqsədilə onun mülkiyyətçisi, kreditorları və digər hüquqi və fiziki şəxslər tərəfindən maliyyə yardımı göstərilməsi yolu ilə borclunun ödəmə qabiliyyətinin bərpasını nəzərdə tutan hüquqi mexanizm kimi müəyyən edilib.
Sağlamlaşdırma prosesi borclunun maliyyə vəziyyətinin bərpasına yönəlmiş elə tədbirlər məcmusudur ki, bu prosesin nəticəsində borclunun bütün öhdəliklərinin yerinə yetirilməsi nəzərdə tutulur. Ehtimal olunan hər hansı sağlamlaşdırma tədbiri isə mütləq qaydada məhkəmə tərəfindən təsdiq edilməlidir.
- Sağlamlaşdırma məsələsinə baxılması üçün iflas prosesinin dayandırılması mümkündürmü?
- Qanunvericiliyə əsasən borclu və ya kreditor sağlamlaşdırma məsələsinə baxılması məqsədilə iflas prosesinin dayandırılması barədə istənilən vaxt məhkəməyə müraciət edə bilər. Məhkəmə tərəfindən bu vəsatətə iki həftə müddətində baxılır və onun təmin edilməsi və ya rədd edilməsi barədə müvafiq qərar qəbul olunur.
- Qüvvədə olan qanunvericilikdə sağlamlaşdırma prosesinin həyata keçirilməsi üçün hansı şərtlər müəyyən edilib?
- Sağlamlaşdırma planının məzmunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli 416 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borclunun sağlamlaşdırılması planının məzmunu” ilə müəyyən edilmişdir.
1997-ci il “Müflisləşmə və iflas haqqında” Qanununa əsasən, sağlamlaşdırma prosesinin müddəti 24 aydan artıq ola bilməz. Eyni zamanda, məhkəmənin qərarında göstərildiyi kimi, bütün kreditorların tələblərinin ümumi məbləğinin azı üçdə bir hissəsi sağlamlaşdırmaya başlanıldığı tarixdən etibarən 12 ay ərzində ödənilməlidir. Bu prosesə nəzarət müvəqqəti əmlak inzibatçısı tərəfindən həyata keçirilir.
Borclunun sağlamlaşdırılması sağlamlaşdırma planına uyğun olaraq həyata keçirilir. 1997-ci il Qanununun 41-1-ci maddəsinə əsasən, sağlamlaşdırma planı borclu və kreditorlar arasında sağlamlaşdırma haqqında qərar qəbul edildiyi gündən etibarən iki ay müddətində tərtib olunmalı və həmin müddət ərzində borclu tərəfindən kreditorlar yığıncağına təqdim edilməlidir.
Sağlamlaşdırma planı, eləcə də plana edilmiş dəyişikliklər kreditorlar yığıncağının qərarı əsasında qəbul edilir və məhkəmə tərəfindən təsdiq olunur. Bu, planın hüquqi qüvvə qazanması və icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
- Yeni qanun layihəsində sağlamlaşdırma prosesi ilə bağlı hansı yeniliklər nəzərdə tutulur?
- Yeni qanun layihəsində sağlamlaşdırma prosesinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda bu mexanizmin yalnız borclunun maraqlarının qorunmasına deyil, həm də kreditorların hüquq və mənafelərinin təmin edilməsinə xidmət etməsi əsas prinsip kimi müəyyən edilir. Layihəyə əsasən, sağlamlaşdırma prosesinin başlanması kreditorlardan biri tərəfindən tələb edildiyi halda, məhkəmə borcludan müvafiq sənədlərin təqdim olunmasını tələb edir. Təqdim edilən sənədlərin tamlığı və düzgünlüyü yoxlanıldıqdan sonra məhkəmə tərəfindən müvəqqəti möhlət verilməsi barədə qərar qəbul olunur ki, bu da sağlamlaşdırma mexanizminin effektiv icrasına şərait yaradır.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
8 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
8 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
-
8 saat əvvəl
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
-
8 saat əvvəl
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
-
8 saat əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
9 saat əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Ən çox oxunanlar
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır



















