2025-ci il üzrə Tədiyə balansı açıqlandı - 1 MİLYARD 444 MİLYON MANATLIQ AZALMA
Mərkəzi Bank 2025-ci il üzrə Tədiyə balansını açıqlayıb.
Qeyd edilib ki, 2025-ci il üzrə tədiyə balansı1 qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indeks dəyişkənliyindən təsirlənmişdir. Cari əməliyyatlar balansında 3.5 mlrd.$ həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 5.4 mlrd.$, xalis xarici maliyyə öhdəlikləri isə 0.4 mlrd.$ artmışdır.
Vurğulanıb ki, hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 4.6% təşkil etmişdir ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 1.4 mlrd.$ azalmışdır. Lakin, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 14.1 mlrd.$ artaraq 85.1 mlrd.$-a çatmışdır ki, bu da ölkənin makroiqtisadi dayanıqlığının daha da gücləndiyini göstərir. Bu dövrdə xam neftin orta qiyməti 68.5$/barel olmuşdur.
CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB)
2025-ci il üzrə cari əməliyyatlar hesabının profisiti 3.5 mlrd.$ və ya ÜDM-in 4.6%-ni təşkil etmişdir (2024-cü il üzrə 4.7 mlrd.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti 2024-cü ilə nəzərən 8.1% daralaraq 13.8 mlrd.$, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 0.3% azalaraq 10.3 mlrd.$ məbləğində olmuşdur.
Xarici ticarət balansı
2025-ci il üzrə xarici ticarət dövriyyəsi 41.8 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 18.1 mlrd.$ həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 11.7 mlrd.$ həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 6.4 mlrd.$ həcmində profisit yaranmışdır. 2025-ci il üzrə Azərbaycanın dünyanın 179 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 12.6%-i MDB üzvü olan ölkələrin, 87.4%-i isə digər xarici ölkələrin payına düşür.
Əmtəə ixracı
Hesabat dövründə əmtəə ixracı 7.4 % azalaraq 24.1 mlrd.$ təşkil etmişdir. Dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 20.6 mlrd.$ olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (20.6 mlrd.$) 12.6 mlrd.$-ı xam neftin, 7.3 mlrd.$-ı təbii qazın, 0.7 mlrd.$-ı isə neft emalı məhsullarının payına düşür. 2025-ci il üzrə qeyri-neft-qazixracı isə 7.0% artaraq 3.5 mlrd.$ olmuşdur.
Əmtəə idxalı
2025-ci il üzrə əmtəə idxalı ötən ilə nəzərən (ö.i.n.) 3.1% artaraq 17.7 mlrd.$ təşkil etmişdir. Hesabat dövründə istehlak mallarının idxalının ümumi dəyəri 7.1 mlrd.$ olmuş, bunun da 2.5 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 3.2% artaraq 15.2 mlrd.$ olmuşdur. Qeyri-neft-qaz idxalının strukturunda: uçuş aparatlarının (7.3 dəfə); dəmiryol nəqliyyat vasitələrinin (3.3 dəfə); minik avtomobillərinin (36.7%); tərəvəz məhsullarının (25.8%); alkoqollu və alkoqolsuz içkilərin (15.4%); ətir və kosmetik vasitələrin (13.9%); tütün və tütün məhsullarının (11.1%); şəkərin (7.7%); traktorların (6.3%); kağız məmulatlarının (4.6%); kərə yağının (4.2%); əczaçılıq məhsullarının (3.9%) və qazanlar, avadanlıq, mexaniki qurğuların (3.6%) idxalı artmışdır. Bu dövrdə, turboreaktiv mühərriklərin (89.7%); gəmilər, qayıqlar və üzən konstruksiyaların (40.6%); mexaniki kürək və ekskavatorların (38.4%); kommutasiya qurğularının (33.4%); yük avtomobillərinin (29.7%); daxiliyanma mühərriklərinin (27.7%); hesablama maşınlarının (22.2%); mebel mallarının (12.8%); dənli bitkilərin (8.1%); daş və şüşə məmulatlarının (6.4%); ağac məmulatlarının (5.6%); metalların (4.2%); kran, klapan, boru kəməri armaturlarının (3.4%); sabun və yuyucu vasitələrin (3.0%) və bitki yağlarının (1.2%) idxalı isə azalmışdır.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.8% təşkil edərək 0.7 mlrd.$ olmuşdur.
Xidmətlər balansı
2025-ci il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 18.9 mlrd.$-ı təşkil etmişdir. Bunun 10.3 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 8.6 mlrd.$-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 19.1% azalaraq 1.7 mlrd.$ olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1.6 mlrd.$ olmuşdur. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri əhəmiyyətli azalaraq 32.6 mln.$ təşkil etmişdir
Qarşılıqlı xidmətlər dövriyyəsinin 28.6%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 5.3 mlrd.$ olan nəqliyyat xidmətlərinin 67.9%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 3.6 mlrd.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.7 mlrd.$ təşkil etmişdir.
Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.n. 29.8% artmış, idxalı isə 7.8% azalmışdır. Bu müsbət dinamika nəqliyyat xidmətləri üzrə profisitin əhəmiyyətli genişlənməsini şərtləndirmiş və onun profisiti 49.1% artaraq 1.9 mlrd.$-a çatmışdır. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ildə 1.3 mlrd.$-ı təşkil etmişdir.
2025-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3.5 mlrd.$ təşkil etmişdir. Ümumilikdə, hesabat dövründə turizm xidmətləri üzrə balans profisitli olmuş, ixrac 2.0 mlrd.$ olmaqla 1.5 mlrd.$-lıq idxalı üstələmiş, nəticədə turizm xidmətləri üzrə 438.0 mln.$ həcmində profisit yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15.3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15.0% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.5 mlrd.$ olmuşdur. Bunun 74.9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 29.2 mln.$ təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 5.9% artaraq 2.2 mlrd.$ olmuşdur.
İlkin gəlirlər balansı
Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.6 mlrd.$ kəsir, qeyrineft-qaz sektoru üzrə isə 0.6 mlrd.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 27.4% azalaraq 2.0 mlrd.$ təşkil etmişdir.
İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 7.8 mlrd.$ olmuşdur. Bunun 62.8%-ini 4.9 mlrd.$ olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Bu məbləğin isə əsas hissəsini (3.4 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 3.0 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (249.6 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (478.9 mln.$) və digər ödənişlər (736.8 mln.$) təşkil etmişdir. Məlumat üçün qeyd edək ki, digər ödənişlərin böyük hissəsi (445.1 mln.$) ölkə iqtisadiyyatına yenidən investisiya (Azərbaycanda qazanılan gəlirlərin ölkəyə təkrar investisiyası) formasında daxil olduğu üçün birbaşa xarici investisiyalar maddəsində nəzərə alınmışdır.
Təkrar gəlirlər balansı
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2.1 mlrd.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 1.4 mlrd.$, ödənişlər isə 0.7 mlrd.$ təşkil etmişdir.
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 83.5%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 11.1%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 5.4%-ni isə digər daxilolmalar təşkil edir.
Ölkəyə göndərilən pul baratlarının həcmi 8.7% artaraq 1.2 mlrd.$, ölkədən köçürülən pul baratlarının həcmi isə 4.1% azalaraq 0.5 mlrd.$ olmuşdur. Nəticədə pul baratları üzrə 0.7 mlrd.$ (20.8% artım) müsbət saldo yaranmışdır.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 742.1 mln.$ (17.5% artım) təşkil etmişdir.
KAPİTAL VƏ MALİYYƏNİN HƏRƏKƏTİ HESABI
2025-ci il üzrə ölkənin xalis xarici maliyyə aktivləri 5.4 mlrd.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (0.9 mlrd.$), portfel investisiyaları (1.9 mlrd.$) və digər investisiyalar (2.6 mlrd.$) hesabına formalaşmışdır.
Hesabat dövründə ölkənin xalis xarici maliyyə öhdəlikləri isə 398.9 mln.$ artmışdır ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-76.2 mln.$), neft bonusu (450.4 mln.$), portfel investisiyaları (-28.1 mln.$) və digər investisiyalar (52.8 mln.$) hesabına formalaşmışdır.
Ümumilikdə, 2025-ci il üzrə kapital və maliyyənin hərəkəti üzrə dinamika 2024-cü ilin göstəricisi ilə müqayisədə qismən yaxşılaşmışdır.
Birbaşa investisiyalar
Birbaşa xarici investisiyalar üzrə xalis xarici maliyyə aktivləri 910.2 mln.$ artmış, xalis xarici maliyyə öhdəlikləri isə 76.2 mln.$ azalmışdır. Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 6.6 mlrd.$, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2.5 mlrd.$ olmuşdur. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 986.4 mln.$ kəsir yaranmışdır ki, bu da 2024-cü ilin dinamikasına yaxındır.
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 78.1% təşkil etmişdir. 2025-ci il üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (1.1 mlrd.$) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (5.2 mlrd.$) həmin sektor üzrə kapitalın repatriasiyası (6.3 mlrd.$, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.
Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 6.1% artaraq 1.4 mlrd.$ olmuşdur ki, bunun da bir hissəsi (348.4 mln.$) ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlı olmuşdur.
Portfel investisiyaları
Portfel investisiyaları üzrə xalis xarici maliyyə aktivləri 1.9 mlrd.$ artmış, xalis xarici maliyyə öhdəlikləri isə 28.1 mln.$ azalmışdır.
Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (45.1 mln.$) sektorunun, bankların (0.7 mlrd.$), kapitalda iştiraka təminat verən qiymətli kağızların (8.7 mln.$) və digər (1.1 mlrd.$) sektorların hesabına artmışdır. Öhdəliklər isə əsasən, kapitalda iştiraka təminat verən qiymətli kağızların (0.2 mln.$) və digər (16.0 mln.$) sektorların hesabına artmış, dövlət (44.3 mln.$) sektorunun hesabına isə azalmışdı.
Neft bonusu
2017-ci il 14 sentyabr tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3.6 mlrd.$ məbləğində neft bonusu ödənilməsi nəzərdə tutulmuşdur. Bu məbləğin illik ödənişi 450 mln.$ təşkil edir. Cari il üzrə nəzərdə tutulan vəsait 2025-ci ilin I rübünün yanvar ayında Azərbaycan tərəfinə ödənilmişdir.
Digər investisiyalar
Digər investisiyalar üzrə xalis xarici maliyyə aktivləri 2.6 mlrd.$, xalis xarici maliyyə öhdəlikləri isə 52.8 mln.$ artmışdır. Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis xarici maliyyə aktivləri 28.4 mln.$ azalmış, xalis xarici maliyyə öhdəlikləri isə 417.3 mln.$ artmışdır. Kreditlər və ssudalar üzrə xalis xarici maliyyə öhdəlikləri bank (456.0 mln.$) sektorunun, neft-qaz sektorunun kreditləri (557.3 mln.$) və müəssisələrin kreditləri (129.5 mln.$) hesabına artmış, dövlət kreditləri (415.6 mln.$) və dövlət zəmanətli kreditlər (309.9 mln.$) hesabına isə azalmışdır. Depozitlər və nağd valyuta üzrə xalis xarici maliyyə aktivləri 1.4 mlrd.$ artmış, xalis xarici maliyyə öhdəlikləri isə 138.9 mln.$ azalmışdır.
EHTİYAT AKTİVLƏRİ
2025-ci ildə ölkənin strateji valyuta aktivləri 14.1 mlrd.$ artaraq 85.1 mlrd.$-a çatmış, ehtiyat aktivlərinin reallaşmış hissəsi isə 1.4 mlrd.$2 azalmışdır.
XALİS SƏHVLƏR VƏ BURAXILIŞLAR
Hesabat dövründə tədiyə balansı üzrə xalis səhvlər və buraxılışlar müsbət 52.5 mln.$ həcmində olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
1 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
-
1 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
1 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
2 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
Ən çox oxunanlar
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü
262 manata məhsulu sığortaladı – 8801 manat sığorta ödənişi aldı!




















